Camal Cəfərov yenidən “Kəpəz”də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü, “Sabah”ın yarımmüdafiəçisi Camal Cəfərov yenidən “Kəpəz”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmdəti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən klub “Sabah”dan Camal Cəfərovu icarəyə götürüb. Yarımmüdafiəçi mövsümün sonuna kimi bu komandada çıxış edəcək.

Xatırladaq ki, Camal Cəfərov 2020-ci ilin iyul ayında Rusiyanın “Anji” klubundan azad agent kimi “Sabah”ın əvəzedici komandasına gəlib. Hazırda 22 yaşı olan futbolçu 2021-ci ildən paytaxt klubunun əsas komandasında forma geyinir. O, indiyə qədər “bayquşlar”ın heyətində 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Cəfərov ötən mövsüm də “Kəpəz”də icarə əsasında oynayıb. O, Gəncə klubunun əsas komandasında 11 oyun keçirib, 3 assistlə yadda qalıb. Gənc futbolçu Azərbaycanın U-17 və U-21 yığmalarında da oynayıb.

Bu gün mərkəz müdafiəçisi Vurğun Hüseynovla yollarını ayıran “Kəpəz”də daha bir ayrılıq qeydə alınıb. Gəncə təmsilçisi müdafiəçi Arzu Atakişiyevi “Difai” klubuna icarəyə verib. 19 yaşlı müdafiəçinin bu mövsümün sonuna kimi Birinci Liqa təmsilçisində forma geyinəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, mövsümə uğursuz başlamış “Kəpəz” bu yay Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), İlkin Qırtımov (“Qəbələ”), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya), Orxan Əliyev (“Araz-Naxçıvan”), Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya), Rauf Hüseynli (“Qəbələ”), Turan Manafov (“Araz-Naxçıvan”) və Valdemar Almeydanı (“Səbail”) da heyətinə qatmışdı.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə komandanı tərk ediblər.

Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Tural Rzayev və Mahir Həsənovla da yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: