Caner Erkin Arda Turanın komandasında

Türkiyənin “Başakşəhər” klubundan ayrılan və azad agent statusuna malik müdafiəçi Caner Erkin özünə yeni komanda tapıb.

Arena.az xəbər verir ki, o, bundan sonra TFF 1-ci Liqa təmsilçisi “Eyüpspor”un uğurları üçün çalışacaq. Tərəflər 1 illik müqavilə ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, Caner Erkin bu ilin yanvarında azad agent kimi “Başakşəhər”lə müqavilə bağlamışdı. 34 yaşlı sol cinah müdafiəçisi İstanbul klubunun heyətində 10 matça çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Fənərbaxça”, “Beşiktaş”, ÇSKA (Moskva), “Fatih Karagümrük”, “Manisaspor”, “Qalatasaray” kimi klublarda da oynamış müdafiəçi, Türkiyə yığmasında 63 matç keçirib, 2 qol vurub.

“Eyüpsor” Super Liqaya vəsiqə qazanmış “Pendikspor”dan ayrılan Adrien Reqattini də heyətinə qatdığını açıqlayıb.

TFF 1-ci Liqa təmsilçisinin baş məşqçisinin Arda Turan olduğunu da qeyd edək.

Yeri gəlmişkən, Caner Erkinlə yollarını ayıran “Başakşəhər” daha iki futbolçusunu da icarəyə verib. Söhbət “Neftçi”dən yenicə ayrılan Mert Çelik ilə Emre Kaplandan gedir. Hər iki oyunçu satınalma şərti ilə “Bandırmaspor”a keçib.

“Başakşəhər”in yetirməsi olan Emre Kaplan daha öncə icarə əsasında “Bodrumspor”, “Hatayspor” və “Adanaspor”un formalarını geyinib. Azərbaycan millisinin də üzvü olan Mert Çelik isə “Kırşehir Belediyespor”da və “Neftçi”də icarədə oynayıb.