Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssislə yanaşı, milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə də matçdan öncə təşkil edilmiş mətbuat konfransında iştirak edib.
Canni De Byazi: “İsveç yığmasını yaxşı analiz etmişik. Hansı sistemlə oynadıqlarını bilirik. Heyətində Zlatan İbrahimoviç, Deyan Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.
Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.
Bəhlul Mustafazadə: “Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq.
Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq”.

Sabah Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İsveç yığması seçmə mərhələnin ilk matçında evdə Belçikaya 0:3, Azərbaycan millisi isə səfərdə Avstriyaya 1:4 hesabıyla uduzub.


