Cənubi Afrika Respublikası (CAR), eləcə də Bosniya və Herseqovina yığmaları futbol üzrə dünya çempionatında (DÇ-2026) tarixi uğura imza atıblar.
Arena.az xəbər verir ki, ilk dəfə mundialda iştirak edən Cənubi Afrika Respublikası və Bosniya və Herseqovina tarixlərində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.
CAR yığması A qrupunun son turunda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edərək mundial tarixində ilk dəfə pley-off vəsiqəsi qazanıb. İki turdan sonra cəmi 1 xal toplamış Hüqo Brosun komandası həlledici görüşdə qələbə sayəsində qrupu ikinci pillədə başa vuraraq adını 1/16 final mərhələsinə yazdırıb.
Bosniya və Herseqovina millisi isə pley-offa yüksəlməyi hələ son turun nəticələri tam başa çatmadan rəsmiləşdirib. Şotlandiyanın Braziliyaya 0:3 hesabı ilə məğlub olması bosniyalıların ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələyə vəsiqəsini təmin edib.
Bosniya və Herseqovina tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsində çıxış edəcək. Balkan təmsilçisi bundan əvvəl iştirak etdiyi yeganə mundialda – 2014-cü ildə qrup mərhələsini keçə bilməmişdi. Həmin turnirdə bosniyalılar bir qələbə qazanıb, iki dəfə məğlub olmuşdular.
Qrup mərhələsində tarix yazan daha bir komanda Haiti olub. Pley-off şansını əvvəlki turlarda itirən Karib hövzəsi təmsilçisi Mərakeşlə oyunda dünya çempionatları tarixində ilk dəfə bir matçda iki qol vurmağa nail olub.
Haitililər hesabı Mərakeşin qapıçısı Yassin Bononun avtoqolu ilə açıblar, komandanın ikinci qolunu isə Vilsan İsidor vurub.
Qeyd edək ki, Haiti bundan əvvəl iştirak etdiyi dünya çempionatlarında heç vaxt bir oyunda birdən çox qol vura bilməmişdi. Karib təmsilçisi 1974-cü ildə keçirilmiş debüt mundialında üç matçda cəmi iki qol vurmuşdu.


