“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib, komandanın yeni mövsümə hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, 2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Araz-Naxçıvan” dünən əvəzedici heyətlə keçirdiyi yoxlama oyunu ilə birinci mərhələyə yekun vurub.
Baş məşqçi Cavid Hüseynov başa çatan mərhələ və yoxlama oyunu ilə bağlı sualları cavablandırıb:
“Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq. Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumi götürsək, hər şey planlaşdırdığımız kimi keçdi.
Hazırlıq yeni başlayıb və indiki məqamda futbolçuların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. İndiki məqamda dediklərimizi bizə olduğu kimi qaytaracaqlarını gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu analiz edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar”.
Cavid Hüseynov heyəti komplektləşdirmək yönündəki işlərdən də danışıb:
“Transfer çalışmalarını 90 faiz icra etmişik. Bəzi mövqelər var ki, oranı gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək. Yaxşı komanda formalaşdırmaq və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyirik”.
“Araz-Naxçıvan”ın növbəti yoxlama oyunundakı rəqibi “İmişli” olacaq. Maraqlıdır ki, komanda Premyer Liqaya da bu rəqiblə start verəcək. Amma baş məşqçi bu məqamı problem hesab etmir:
“Bunda elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”.


