Çempionlar Liqasında püşk atıldı, “Araz”ın rəqibləri bəlli oldu

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatmada Azərbaycan çempionu “Araz”ın (Naxçıvan) da rəqibləri müəyyənləşib.

Mübarizəyə əsas mərhələdən start verəcək “Araz” B yolunda yarışacaq. 5-ci qrupda yer alan Azərbaycan çempionu “Mostar”, ilkin mərhələdə D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda “Minerva” (İsveçrə), “Loznika Qrad” (Serbiya), “Vesteralen Futzal” (Norveç) və “Folqare” (San Marino) komandaları mübarizə aparacaq. F qrupunda isə “Georgians” (Gürcüstan), “Ştutqart” (Almaniya), “Orebro” (İsveç) və “İstanbul Şişli” (Türkiyə) komandaları yarışacaq. Yekunda bu qrupların qalibləri əsas mərhələdə məhz “Araz”la qarşılaşmaq hüququ qazanacaqlar.

UEFA Çempionlar Liqasında 2022/23 mövsümü ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək. UEFA-nın milli komandalar üçün açıqlanan reytinq cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri 2, qalan ölkələr bir komanda ilə təmsil olunacaq. Ümumilikdə bu mövsüm 52 federasiyadan 56 komanda iştirak edəcək. Xorvatiya üçün bu şansın yaranmasına səbəb reytinq cədvəlinin 2-ci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022/23-cü il mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılması oldu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: