INEOS şirkətinin sədri Cim Retkliff “Mançester Yunayted”in səhmlərini almasından sonra fikirlərini paylaşıb.
Arena.az Cim Retklifin “Mançester klubunun rəsmi saytındakı müvafiq xüsusda açıqlamasını diqqətinizə çatdırır:
“Yerli sakin və klubun ömürlük tərəfdarı kimi mən çox şadam ki, biz “Mançester Yunayted”in idarə heyəti ilə klubun futbol əməliyyatlarını idarə etmək məsuliyyətini bizə ötürmək üçün razılaşa bildik. Kommersiya uğurları hər zaman klubun ən yüksək səviyyədə kuboklar qazanmaq imkanlarına malik olmasını təmin etsə də, son dövrlərdə bu imkan tam gerçəkləşməyib. Biz bütün “INEOS Sport” qrupunun dünyəvi bilik, təcrübə və istedadından klubda daha da təkmilləşmək üçün istifadə edəcəyik. Həmçinin “Old Trafford”da gələcək sərmayələr üçün vəsait təmin edəcəyik.
Biz uzun müddət üçün buradayıq və bilirik ki, qarşıda ciddilik, peşəkarlıq və ehtirasla yanaşacağımız çoxlu çətinliklər və ağır iş var. Klubun irəliləməsinə kömək etmək üçün hamımız – idarə heyəti, heyət, oyunçular və azarkeşlərlə işləməyə hazırıq.
Bizim ortaq iddialarımız aydındır. Hamımız istəyirik ki, “Mançester Yunayted” İngiltərə, Avropa və dünya futbolunun zirvəsindəki yerinə qayıtsın”, deyə Cim Retkliff bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” INEOS şirkətinin “Old Trafford”a gələcək sərmayələr üçün nəzərdə tutulmuş əlavə 270 milyon avro məbləğ ayıracağını da açıqlamışdı.
“Mançester Yunayted” hazırda heç də ən yaxşı dövrünü yaşamır. “Qırmızı şeytanlar” cari mövsümdə UEFA Çempionlar Liqasında qrup sonuncusu olaraq, avrokuboklarda mübarizəni dayandırıblar. İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün 18 turundan sonra Erik ten Haqın yetirmələri turnir cədvəlində 28 xalla 8-ci pillədə qərarlaşıblar.


