Con Obi Mikel futbolçu karyerasını başa vurdu

Futbol üzrə Nigeriya milli komandasının sabiq yarımmüdafiəçisi Con Obi Mikel karyerasını başa vurduğunu bəyan edib. Arena.az xəbər verir ki, təcrübəli futbolçu 35 yaşında futboldan getdiyini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb: “Bütün gözəl şeylərin bir sonu olmalıdır. Mənim də peşəkar futbolçu karyeramı bitirəcəyim gün bu gündür. Bu, bir vida deyil, başqa bir yolçuluğun başlanğıcıdır. Gələcəyin nə gətirəcəyini dörd gözlə gözləyirəm. Təşəkkürlər”.

Obi Mikelin sonuncu iş yeri Küveytin “Əl-Küveyt” klubu olub. O, bu komandanı 2021-ci ilin noyabrında tərk edəndən bəri işsiz idi.

Xatırladaq ki, dayaq yarımmüdafiəçisi olan Con Obi Mikel peşəkar karyerasına 2004-cü ildə Norveçin “Lyun” klubunda başlayıb. O, 2006-cı ildə məhz bu klubdan İngiltərə nəhəngi “Çelsi”yə transfer olunub. Nigeriyalı oyunçu düz 11 il London təmsilçisinin uğurları üçün çalışıb və müxtəlif titullara yiyələnib.

Obi Mikel “Çelsi”dən ayrılandan sonra “Tianjin TEDA”, “Midlsbro”, “Trabzonspor” və “Stoke Siti” klublarının da formasını geyinib. O, 2021-ci ilin iyulunda Küveyt klubuna transfer olunmuşdu.

Yarımmüdafiəçi Nigeriya yığmasında 91 oyuna çıxıb və 6 qola imza atıb.

Sonda Obi Mikelin karyerası ərzində qazandığı titulların siyahısı ilə tanış edir:

“Çelsi”
İngiltərə Premyer Liqasının qalibi – 2009/10, 2014/15
İngiltərə Federasiya Kubokunun qalibi – 2006/07, 2008/09, 2011/12
İngiltərə Liqa Kubokunun qalibi – 2006/07
İngiltərə Super Kubokunun qalibi – 2009
UEFA Çempionlar Liqasının qalibi – 2011/12
Avropa Liqasının qalibi – 2012/13

“Trabzonspor”
Türkiyə kubokunun qalibi – 2019/20

Nigeriya milli komandası
Afrika Millətlər Kubokunun qalibi – 2013