Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 20-ci turu çərçivəsində “Ərzurumspor”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.
Diniyev bu oyunun 78-ci dəqiqəsində, hesab 0:0 olarkən meydana buraxılıb. Coşqunun komandası 81-ci və 86-cı dəqiqələrdə buraxdığı qollarla məğlub olub.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 18 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Bandırmaspor” 34 xalla Birinci Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.


