Coşqun Diniyev İğdırda qol ötürməsi verdi, meydandan qovuldu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 15-ci turu çərçivəsində “İğdır”la qarşılaşıb.

Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.

Diniyev bu oyuna start heyətdə başlayıb. Lakin o, qırmızı vərəqə aldığı üçün matçı başa vura bilməyib. Belə ki, azərbaycanlı futbolçu 67-ci və 84-cü dəqiqələrdə aldığı sarı vərəqələr nəticəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandasının vurduğu qolda da Diniyevin rolu böyük olub. Belə ki, komanda yoldaşı Remi Mulumba məhz azərbaycanlı futbolçunun ötürməsindən sonra rəqib qapısına yol tapıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 14 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bandırmaspor” 15 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 32 xala malik “Kocaelispor” rəhbərlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: