“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 5-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Masazırda keçirilmiş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qələbə münasibətilə bütün “Sabah” ailəsini, azarkeşləri təbrik edirəm. Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq. Bu qələbəni “Turan Tovuz” kimi komandalara qarşı oyunda qazanmaq bizim üçün daha dəyərlidir. Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bu amil bizim üçün sevindiricidir. İkinci hissədə təzyiqimizi daha da artırdıq və nəticədə 2 qol vuraraq qələbəni əldə etdik. Qələbə qazanmağımıza baxmayaraq, daha çox inkişaf etməliyik. Bəzi məqamlarla bağlı çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq”.
Dambrauskas “Sabah”ın iddialı rəqiblərə qarşı daha yaxşı, bir qədər zəif komandalara qarşı isə tam əksinə oyun göstərməsinə dair sualı da cavablandırıb:
“İddiası az olan komandalara qarşı oynamaq daha çətindir. Azərbaycana gəlməmişdən öncə də bu amili bilirdim. Müdafiə futboluna daha çox önəm verən və çox futbolçu ilə öz qapısına daha yaxın oynayan komandalara qarşı nəticə qazanmaq da çətindir. Lakin bu cəhətdən bizim də üzərimizə yük düşür. Çox işləməliyik və çıxış yolları axtarmalıyıq”.
Dambrauskas yeni transferlərdən nə dərəcədə razı olduğuna dair suala isə belə cavab verib:
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm. Çünki hər oyunçum öz üzərində daha çox inkişaf etmək istəyir. Bütün futbolçularımdan razıyam”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq. “Sabah” kimi rəqibə qarşı bunu etmək olmaz. Bundan sonra rəqib daha arxayın şəkildə mübarizə apardı. Təəssüf ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Bunların qarşısını almağa çalışacağıq. Standart vəziyyətlərin üzərində əvvəlki kimi işləyirik. Bəzən alınır, bəzən isə alınmır. İnanıram ki, alınacaq. Hər şey qarşıdadır”.


