Dambrauskas: “Hapoel”i keçmək üçün əlimizdən gələni edəcəyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-offunda “Hapoel”ə (Beer-Şeva) qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İsrail çempionları arasındakı cavab görüşü sabah Bakıda baş tutacaq.

Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfaransında bunları söyləyib:

“Sabah pley-off mərhələsinin cavab oyununa çıxacağıq. Bu, ötən həftə keçirilmiş ilk qarşılaşmanın davamıdır. İnanıram ki, komandamız həmin oyunda yol verdiyi səhvlərdən nəticə çıxarıb. Bütün futbolçularımız sağlamdır və oyuna hazırdır. Ümid edirəm ki, sabah bizi çox həyəcanlı qarşılaşma gözləyir. İlk oyunda 1:2 hesabı ilə məğlub olmuşuq. Amma azarkeşlərimizə demək istəyirəm ki, sabahkı oyuna tam hazırıq və mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, komandam bunun öhdəsindən gələcək.

İnanmıram ki, stadionun dəyişməsi oyun ritmimizə ciddi təsir etsin. Biz burada artıq üç dəfə oynamışıq. “Qarabağ” kimi güclü komandaya qarşı bu stadionda oynamışıq, qələbə qazanmışıq. Ona görə də düşünürəm ki, bu stadion bizim üçün artıq tanışdır. Əminəm ki, azarkeşlərimiz sabah burada möhtəşəm atmosfer yaradacaqlar və ümid edirəm ki, bu oyundan sonra yaşanacaq anları uzun müddət unutmayacağıq.

Sabahkı oyun mənim üçün növbəti qarşılaşmadır. Keçmişdə də Avropa Liqasında və Çempionlar Liqasında pley-off mərhələlərinə yüksəlmişəm, müəyyən uğurlar qazanmışam. Təbii ki, bunlar bir gündə əldə olunmayıb. Təcrübəmdən və biliklərimdən istifadə edərək ümid edirəm ki, komandamızı növbəti mərhələyə daşıya biləcəyik. Bunun üçün komanda olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik. Sabah bizim üçün növbəti oyundur və düşünürəm ki, çox yaxşı vəziyyətdəyik”.

Dambrauskas əlavə vaxt istəmir

Dambrauskas ilk görüşdəki səhvlərindən də danışıb və cavab oyununun əlavə vaxta getməsini istəmədiyini vurğulayıb:

“İlk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Start heyəti ilə bağlı konkret dəyişikliklər barədə danışmaq istəmirəm. Əsas məsələ odur ki, sabah daha aqressiv və daha istəkli oynamalıyıq. Hər top uğrunda, hər təhlükəli epizodda əlimizdən gələnin ən yaxşısını etməliyik.

İlk oyunda bəzi imkanlarımızdan istifadə edə bilmədik. “Hapoel”in də yaxşı şansları oldu, bizim də. Bəlkə də müəyyən epizodlarda bəxt amili rol oynadı. Onlar iki qol vurdular və xüsusilə ilk qolda kifayət qədər şanslı idilər.

İlk hissədə rəqibin müəyyən imkanları oldu. İkinci hissədə isə üstünlüyü qorumağa çalışdılar. Biz də boşluqları dolduraraq oyuna nəzarət etməyə çalışdıq.

Bir daha deyirəm, ümid edirəm ki, sabah ilk oyundakı səhvlərimizi təkrarlamayacağıq. Həmin səhvlərdən nəticə çıxarmışıq və daha yaxşı oyun göstərməyə çalışacağıq.

Əlbəttə, bu görüşdə hər şeyə hazır olmalıyıq. Nə baş verəcəyini əvvəlcədən bilmirik. Ola bilər ki, oyun əlavə vaxta getsin, hətta penalti seriyasına ehtiyac yaransın. Futbolda hər şey mümkündür. Amma ümid edirəm və inanıram ki, hər şeyi 90 dəqiqə ərzində həll edəcəyik”.

“Bu qarşılaşma üçün çox motivasiyalıyam” – Velko Simiç

“Sabah”ın futbolçusu Velko Simiç də cavab oyunundan öncə matç barədə fikirlərini bölüşüb:

“Sabahkı oyunu həyəcanla gözləyirik. Biz böyük komandayıq və qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşma üçün çox motivasiyalıyam. Vurduğum qollar mənə əlavə motivasiya verir. Mənim əsas vəzifəm daha çox qol vurmaq deyil. Əsas məqsədim komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qalib gəlməyimizə kömək etməkdir.

Bu stadionda oynamağı sevirik. İnanıram ki, sabah burada möhtəşəm atmosfer olacaq. Çoxlu qolla azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: