“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə (Beer-Şeva) qarşı keçirəcəkləri ilk oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İsrail komandaları arasındakı ilk oyun sabah Rumıniyanın Buxarest şəhərində baş tutacaq.
Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“UEFA Çempionlar Liqasının pley-off mərhələsi xüsusi həyəcan doğurur. Klubumuz tarixində ilk dəfə bu raundda iştirak edir. Biz bu oyunu böyük səbirsizliklə gözləyirik.
Fürsətdən istifadə edib rəqibi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç vaxt favorit hesab edilməmişik. Həmişə autsayder kimi görünmüşük. Eyni şeyi rəqibimiz haqqında da demək olar. Amma burada oynamağa layiq olduğumuzu sübut etmişik. İndi isə bizi maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Sabahkı oyuna hazırıq”.
Qeyd edək ki, “Hapoel” – “Sabah” matçı avqustun 19-da Buxarestdəki “Güleşti” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


