“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü raundunun “Levski” ilə cavab oyunundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Bolqarıstan və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma ötən həftə Sofiya şəhərində keçirilmişdi.
Həmin oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılmış bakılıların baş məşqçisi Dambrauskas bu gün baş tutmuş mətbuat konfransında cavab görüşündən gözləntilərini dilə gətirib:
“Sofiyadakı ağır oyundan sonra əzələlərdə problemin, qıcolmaların olması normaldır. Amma hazırda bütün futbolçularımız sabahkı matça hazırdır. Hamısı məşqlərdə əllərindən gələni edirlər. Komandada hamı sağlamdır. Sabah istədiyimiz heyəti meydanda görə biləcəyik.
İnanıram ki, hansı oyun üslubunu seçsək, bu, bizə qalibiyyət gətirəcək. Amma çox çətin olacaq. Çünki “Levski” son zamanlar qapısından 1-dən çox qol buraxmayıb. Müdafiə cəhətdən həmişə fərqlənən komanda olub. Sabah risklər etməyə çalışacağıq. Sabah bizi heç-heçə qane etmir. Hücum futbolu oynayaraq hesabı öz xeyrimizə çevirmək üçün səy göstərəcəyik”.
Xatrıladaq ki, “Sabah” – “Levski” oyunu avqustun 14-də “Masazır Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.


