Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, fransalı mütəxəssis Villi Sanyolun çalışdırdığı komanda ötən gün Farer adaları ilə yoxlama matçında üz-üzə gəlib.
Tiflisdəki “Dinamo Arena”da keçirilmiş görüş gürcülərin qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 9-cu dəqiqədə Luka Lokoşvili vurub. Volkov isə 64-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 8-də Kabo-Verde yığması ilə də yoxlama oyunu keçirəcək.
2020-2022-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıtmış Volkov bu komandanın heyətində 111 oyuna çıxıb, 38 qol və 18 məhsuldar ötürmə müəllifi olub.
Gürcü hücumçu Azərbaycanda “Qəbələ” (34 oyun, 10 qol və 1 assist) və “Sabah”ın (71 oyun, 19 qol və 7 assist) da formasını geyinib.
Volkov ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da da oynayıb.
Davit Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 6 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.


