Davit Volkov Gürcüstan yığmasında həm qol vurdu, həm də…

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah”ın hücumçusu Davit Volkov Gürcüstan milli komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, qonşu ölkənin bir nömrəli komandası bu gün Monqolustanla yoxlama oyununda qüvvəsini sınayıb.

Batumidə keçirilən matç meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Volkov bu oyuna start heyətdə başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib. Komandasının parlaq qələbəsində “Sabah”ın futbolçusunun da xüsusi əməyi olub. Belə ki, qarşılaşmada hesabı 15-ci dəqiqədə məhz Volkov açıb. 27 yaşlı forvard 58-ci dəqiqədə Georgi Çakvetadzenin vurduğu qolda da məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Davit Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında indiyə qədər 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb. Təcrübəli hücumçu 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinir. O, paytaxt təmsilçisində 30 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Gürcü daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) və “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: