Davit Volkov, Vensan Till və Jarl Marqarita “Sabah”dan ayrılırlar

“Sabah”ın futbolçuları – Davit Volkov, Vensan Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao millisinə dəvət olunub.

Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Kipr yığması ilə qarşılaşacaq.

Lüksemburq millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə İslandiya, 16-da isə evdə Slovakiya yığma komandası ilə üz-üzə gələcək.

Kurasao yğması isə KONKAKAF Millətlər Liqası çərçivəsində oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə qarşılaşacaq.

Davit Volkov 2022-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisində indiyə qədər 49 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı futbolçu Gürcüstan yığmasında 5 oyun keçirib, 2 qola imza atıb. O, daha öncə Azərbaycanda “Zirə” və “Qəbələ”də də oynayıb.

Vensan Till “Sabah”a bu ilin iyul ayında cəlb olunub. 23 yaşlı yarımmüdafiəçi paytaxt klubunda 12 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, Lüksemburq yığmasında 50 oyuna çıxıb, 3 qola imza atıb.

Jarl Marqarita da “Sabah”a bu ilin iyul ayında cəlb olunub. 23 yaşlı sol cinah vingeri paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 oyunda heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, bu ildən cəlb olunduğu Kurasao yığmasında cəmi 1 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: