DÇ-2024: Elit-raunda birbaşa yüksələn 16 komanda bəlli oldu

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2024) Avropa zonası üzrə əsas mərhələsinin qrup oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, artıq elit-raunda birbaşa vəsiqə qazanan 16 komanda, eləcə də əsas mərhələnin pley-off oyunlarında iştirak edəcək 8 yığma müəyyənləşib.

Öz qrupunda 9 xalla ikinci olan millimiz elit-raundda iştirak edəcək. Bu baxımdan ən yaxşı göstərici məhz millimizə məxsusdur. Belə ki, Finlandiya, Serbiya və Sloveniya yığmaları da öz qruplarında ikinci olduqları üçün elit-raunda birbaşa yüksəliblər. Amma onlar buna 7 xal toplamaqla nail olublar.

Əsas mərhələni qrup ikincisi kimi başa vuran, amma daha zəif göstəricilərə malik 8 komanda isə pley-off oyunlarında mübarizə aparacaq. Pley-offda iştirak edəcək komandalar bunlardır: Belçika, Çexiya, Almaniya, Macarıstan, Litva, Moldova, İsveç, Niderland.

Elit-raunda birbaşa yüksələn komandalar isə bunlardır: Azərbaycan, Ermənistan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna.

Xatırladaq ki, elit-raundun püşkü bu il iyulun 5-də atılacaq. Qrup oyunları isə dekabrın 20-dək yekunlaşacaq. Bu mərhələnin pley-off oyunlarının püşkü gələn il yanvarın 25-də, oyunları isə 8-17 apreldə keçiriləcək.

Elit-raundda ümumilikdə 20 komanda mübarizə aparacaq. Komandalar 5 qrupa bölünəcək və hər qrupda 4 iştirakçı yer alacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı qrup ikincisi isə pley-off oyununda üz-üzə gələcək və onlardan ikisi mundialın həlledici mərhələsində iştirak edəcək.

Xatırladaq ki, DÇ-2024-ə Avropa üzrə cəmi 7 komanda qatılacaq. Mundialın hansı ölkədə keçiriləcəyi hələ müəyyənləşməyib. Amma turnirin 2024-cü ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: