2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2024) əsas mərhələsinin pley-off oyunları başa çatıb. Arena.az xəbər verir ki, iki oyunun yekununda qələbə qazanan Belçika, Almaniya, Çexiya və Niderland yığmaları olublar.
Beləliklə, onlar daha əvvəl vəsiqəni təmin etmiş 16 komandaya qoşulublar. Elit-raunda birbaşa yüksələn komandalar isə bunlardır: Azərbaycan, Ermənistan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna.
Elit-raundda ümumilikdə 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupda mübarizə aparacaq. Bu mərhələnin püşkü iyulun 8-də atılacaq, oyunları isə cari ilin dekabrın 20-dək yekunlaşacaq. Reqlamentə əsasən, qrup liderləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə sahib 4 “ikinci” pley-offda iştirak edəcək. Ev və səfər prinsipi ilə keçiriləcək iki matçın ümumi nəticəsində qalib olan komandalar həlledici mərhələyə yüksələcək. Mundial Avropa qitəsində yer alan ölkələrdən birində keçirilərsə, o zaman pley-offa 4 yox, ən yaxşı 2 “ikinci” vəsiqə qazanacaq.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2016-cı ildə debüt edib. Kolumbiada keçirilən yarışda komandamız mundialı 5-ci pillədə başa vurub.
DÇ-2024-ə hansı ölkədə keçiriləcəyi hələ müəyyənləşməyib. Amma turnirin 2024-cü ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub.


