2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2024) Avropa zonası üzrə əsas mərhələsinin pley-off oyunlarının püşkü atılıb. Arena.az xəbər verir ki, bu mərhələdə iştirak edəcək 8 komandadan 4-ü elit-raunda vəsiqə qazanacaq.
Bu mərhələnin oyunları ev-səfər prinsipi ilə gələn ay – aprelin 10-dan 19-dək keçiriləcək. Püşkə əsasən, komandalar aşağıdakı cütlüklərə bölünüb:
Belçika – Macarıstan
Niderland – Moldova
İsveç – Almaniya
Çexiya – Litva
Xatırladaq ki, DÇ-2024-ün elit-raundunda 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı göstəriciyə malik “ikinci” pley-off oyunlarında iştirak edəcək. Qalib gələcək 2 yığma də həlledici mərhələdə iştirak edəcək. Dünya çempionatına UEFA üzvü ölkələrdən biri evsahibliyi edərsə, o zaman 4 yox, 2 ən yaxşı göstəriciyə malik qrup ikincisi pley-off oyunlarında iştirak edəcək və bir komanda digər məhrələyə yüksələcək.
Futzal üzrə azərbaycan millisi əsas mərhələdə keçirdiyi 4 oyunda 9 xal toplayaraq elit-raunda birbaşa vəsiqə qazanıb. Bu mərhələnin püşkatma mərasimi iyulun 5-də keçiriləcək. Qrup oyunları isə cari il dekabrın 20-dək yekunlaşacaq.
Sonda onu da bildirək ki, dünya çempionatına Avropa üzrə cəmi 7 komanda qatılacaq. Mundialın hansı ölkədə keçiriləcəyi hələ müəyyənləşməyib. Amma turnirin 2024-cü ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub.


