Kiyev “Dinamo”su UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Belqrad “Partizan”ı ilə oyunöncəsi birgə tədbirlərdən imtina edib.
Arena.az məlumat verir ki, bu barədə “Dinamo”nun baş məşqçisi Aleksandr Şovkovski oyunöncəsi mətbuat konfransnda bildirib.
Kiyev komandasının futbolçuları Belqrad komandasının oyunçuları ilə oyunöncəsi görüşdə əl verib görüşməyəcəklər.
Şovkovski bu qərara səbəb olaraq “Partizan”ın Moskvada yerli CSKA və “Dinamo” ilə oynadığı “Qardaşlıq Kuboku”nda iştirakını əsas gətirib.
“Dinamo” – “Partizan” oyunu bu gün, iyulun 23-də keçiriləcək. Oyun Polşanın “Arena Lyublin” stadionunda baş tutacaq. Baş hakimin fiti oyunu Bakı vaxtı ilə saat 22:00-da başladacaq.
Əlavə edək ki, bu cütün qalibi Çempionlar Liqasının növbəti təsnifat mərhələsində Şotlandiya təmsilçisi “Reyncers”lə qarşılaşacaq.


