Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “Obolon” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Ukrayna Premyer Liqasında qalmaq uğrunda keçirilən pley-offun final görüşü çərçivəsində “Levıy bereq” komandası ilə görüşün iştirakçısı olub.
Xatırladaq ki, “Obolon” Ukrayna Premyer Liqasında 2023/2024 mövsümünün əsas hissəsini 26 xalla 14-cü pillədə başa vurmuşdu. Bu üzdən də sözügedən komanda Birinci Liqada B qrupunu 2-ci pillədə başa vurmuş “Levıy Bereq” klubu ilə pley-off görüşlərində üz-üzə gəlmək məcburiyyətində qalıb.
Mayın 29-da “Obolon”un meydanında keçirilmiş ilk oyun futbolçumuzun komandasının 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Ötən gün “Levıy Bereq”in meydanındakı cavab qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1. Beləcə, iki oyunun nəticəsinə əsasən rəqibini üstələyən “Obolon” Ukrayna Premyer Liqasındakı yerini qoruyub.
İlk oyunda 84-cü dəqiqədə meydana buraxılmış Nağıyev heç nə ilə yadda qalmayıb. Rəqib meydanındakı qarşılaşmada da 64-cü dəqiqədən etibarən mübarizəyə qoşulmuş U-21 yığmamızın sabiq üzvü cavab görüşünün 90+4-cü dəqiqəsində sarı vərəqə alıb.
Xatırladaq ki, Dmitri Nağıyev 2023-cü ilin iyul ayından “Obolon”un uğurları üçün çalışır. O, artıq geridə qalmış 2023/2024 mövsümündə meydana çıxdığı 23 matçda cəmi 1 assistlə yadda qalıb.
Nağıyev karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib. O, ölkəmizdə “Sumqayıt”ın uğurları üçün çalışıb. Azərbaycanın U-21 yığmasında 2 matç keçirmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.


