Ebimbe PSJ-ni “Ayntraxt”a dəyişdi – 6.5 milyon avroluq transfer

PSJ-nin yarımmüdafiəçisi Erik Junior Dina Ebimbe Fransa klubu ilə yollarını ayırıb və karyerasını Almaniyada davam etdirməyə qərar verib.

Arena.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Almaniyanın “Ayntraxt” klubuna transfer olunub. Bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Ayntraxt” yarımmüdafiənin mərkəzində və sağında oynamağı bacaran fransız futbolçunu 2022/2023 mövsümünün əvvəlində PSJ-dən icarəyə götürmüşdü. O, mövsüm ərzində Almaniya klubunun heyətində 28 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Gənc futbolçunun uğurlu çıxışı “Ayntraxt”ı onun transfer hüquqlarını da almağa sövq edib. Almaniya klubu bunun üçün PSJ-yə 6.5 milyon avro ödəyib. Yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb.

PSJ-nin yetirməsi olan Erik Junior Dina Ebimbe Paris təmsilçisində 14 oyuna cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə ölkəsində “Havr” (25 oyun, 3 qol, 1 assist) və “Dijon”da (31 oyun, 1 qol, 1 assist) da icarədə oynayıb. Fransanın U-20 və U-21 yığmalarında oynamış futbolçu, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: