Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçunun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb. İsrafilov 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Eddi İsrafilov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim. Buna görə meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub, buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.
İspaniyada dünyaya göz açmış Eddi 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 56 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.


