Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin zədəli yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu iki həftədən sonra məşqlərə başlayacaq.
Bunu paytaxt klubunun baş həkimi Şaiq Zöhrablı təcrübəli futbolçunun səhhəti ilə bağlı “Neftçi” TV-yə açıqlamasında bildirb:
“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verdi. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi olaraq, daha sonra komanda ilə məşqlərə başlayacaq”.
Xatırladaq ki, Eddi İsrafilovun zədə səbəbindən ötən gün milli komandanın düşərgəsindən kənarlaşdırıldığı da açıqlanmışdı.
İspaniyada dünyaya göz açmış Eddi 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 47 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.


