Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” müdafiəçisi Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Edmond Tapsoba 2020-ci ilin yanvar ayından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. “Bayer” onu həmin vaxt Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan 20,2 milyon avroya transfer etmişdi. Tapsoba indiyə qədər “Bayer”də 141 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Edmond Burkina Faso yığmasında da 36 oyuna çıxıb, 1 qola imza atıb.

“Bayer” İngiltərənin “Sauthempton” klubundan Natan Tellanı da transfer edib. Əslən Nigeriyadan olan ingilis vingerlə də 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu transfer üçün 23,3 milyon avrosundan keçib.
Natan Tella “Arsenal”ın yetirməsidir. İngiltərənin “Börnli” klubunda da forma geyinmiş sağ cinah vingeri 2020-ci ildən heyətində yer aldığı “Sauthempton”da 46 oyuna 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonda onu da qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk görüşünü qrup mərhələsinin 3-cü turunda, oktyabrın 6-da səfərdə keçirəcək. 4-cü turun qarşılaşması isə noyabrın 9-da Bakıda baş tutacaq.
Leverkuzen təmsilçisi bu mövsüm Almaniya Bundesliqasında keçirdiyi ilk 3 oyunda maksimum nəticə qazanmaqla vahid liderdir.
“Qarabağ” Avroliqaın qrupunda “Bayer”dən başqa, “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə də qarşılaşacaq.


