Edvin Kuç: “Neftçi” ilə titullar qazanmaq istəyirəm”

“Neftçi”nin monteneqrolu mərkəz yarımmüdafiəçisi Edvin Kuç paytaxt klubunun rəsmi telekanalına müsahibə verib.

Arena.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi futbolda bəzən gözlənilməz nəticələrin olduğunu söyləyib:

“Ümid edirəm ki, biz tezliklə uğurlu dönəmə başlayacağıq. Bu komanda ilə titullar qazanmaq istəyirəm. Azərbaycanda və Avropada “Neftçi” ilə nailiyyətlər əldə etmək niyyətindəyəm. Hədəflərimiz yüksəkdir. Ümid edirəm ki, bunlara çatacağıq”.

Yarımmüdafiəçi “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov haqqında danışıb:

“Hər mütəxəssisin öz planı və ideyaları var. Amma Samir Abasov maraqlı baş məşqçidir. Onun futbol biliyi və enerjisi çoxdur. Futbolçu olduğu dönəmdə də “Neftçi”də oynayıb. Klubu, oyunçuları tanıyır. Bu da titul qazanmaq üçün vacibdir. Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacaq”.

Edvin Kuç ölkəmiz haqqında da fikirlərini bölüşüb:

“Bakı ilə bağlı ancaq müsbət sözlər deyə bilərəm. Şəhər, klub və buradakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, buraya uyğunlaşmağa yardımçı olurdular. Bu, həqiqətən gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacağam. Beş aydır Bakıdayam və bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmlə oxşardır. Ailəm də eyni fikirdədir. Onlar Bakını və Azərbaycanı çox sevirlər. Yalnız bir şeyi bəyənmirəm, o da tıxaclardır. Yəqin ki, bunu heç kim sevmir”.

Xatırladaq ki, 2024-cü ilin yayında “Neftçi”yə keçmiş Edvin Kuçun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, “ağ-qaralar”ın heyətində indiyə qədər 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Kuç daha öncə “Ballkani”, “Deçiç”, “Rudar”, “OFK Titoqrad”, “Gilyani” kimi klubların da şərəfini qoruyub.

2023-cü ilin oktyabr ayında Monteneqro yığmasında debüt etmiş Kuç, əsas millidə 11 oyuna 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: