Elçin Rəhmanov və Seymur Rəhimovdan darmadağına şərh

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, cəzalı olan baş məşqçi Qurban Qurbanovu əvəz edən köməkçisi 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komanda bu gün çempionatda bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Futbolçular tapşırıqları 100 faiz yerinə yetirdilər. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda məzmunlu oyun göstərdilər. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Vacib 3 xal qazandıq.

Qurban Qurbanov fasilədə oyundan qopmamağı, tempi axıra kimi saxlamağı tapşırdı. Qurban müəllimsiz çətin olur. Yoxluğu hiss olunurdu”.

Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları İsveçin “Hakken” komandası ilə oyuna hazırlıqdan və zədəli futbolçuların durumundan da söz açıb:

“Hakken”lə oyuna ayrıca hazırlaşırıq. Son vaxtlarda sıx qrafikdə oynayırıq. Qarşıdakı oyuna hazırlıq üçün vaxtımız olacaq. Matç dördüncü gündür. Oyundan iki gün qabaq İsveçə yollanacağıq. Bizim üçün bu cür qrafik daha yaxşıdır. Komanda bərpa məşqləri edəcək. İki gün əvvəl gedəcəyik ki, uşaqlar dincəlsin.

Bədavi Hüseynov zədədən yeni qayıdıb. Bu üzdən də bu gün onu çox riskə atmadıq. Çünki “Qəbələ”də 10 nəfərlə mübarizə aparmışdıq. Bədavini “Hakken”lə oyun üçün qoruduq. Həm də altı gün ərzində daha yaxşı məşq etməsi üçün belə qərar verdik. “Hakken”lə matçda daha yaxşı fiziki durumda olacaq.

Bu matç göstərdi ki, Maksim Medvedev 90 dəqiqə oynamağa hazırdır. Lazım olan anlarda bizə köməyi dəyəcək.

Səhv etmirəmsə, Andrey Lunyovun bir ilə yaxındır ki, oyun təcrübəsi yox idi. Ona görə indi ona daha çox şans veririk. Son oyunlarda özünü daha yaxşı tərəfdən göstərir”.

“Qarabağ”a qarşı hansı heyətlə oynasan…”

“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov isə komandasının 0:5 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

“Rəqibi təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. “Qarabağ”ın gücü bəllidir. Avropaya səs salmış klubdur. Futbolçularımız əllərindən gələni etdilər, sağ olsunlar. Nə imkanları var idi, oynadılar.

Komandamızın enişdə olduğunu deməzdim. “Qarabağ”a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq. Uşaqlar əllərindən gələni edirlər. İstər əsas heyətdə oynayanlar, istərsə də, sonradan meydana çıxanlar. İkinci hissədə 1-2 hücumumuz oldu. Gələcək oyunlar üçün nikbinik. Bu matçı yaddan çıxarıb, gələn oyuna hazırlaşacağıq. Səhvlərimizin üzərində işləməli, gələcək oyunlarda təkrarlamamalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: