Elmar Baxşıyev: “Ən zəif matçımızı keçirdik”

Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 22-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun ağır keçəcəyini öncədən də bilirdik. Zədəli və əməliyyatdan çıxan futbolçularımız var idi. Onları bu görüşdə riskə atdıq. Şükürlər olsun ki, görüşü sağlam bitirdilər. Oyuna gəlincə, çempionatda bəlkə də ən zəif matçımızı keçirdik. Bu da onunla bağlıdır ki, cəzalı və zədəli oyunçularımız olduğundan optimal heyəti qura bilmədik. Bura qədər gəlmişik, iddiamızdan çəkilmək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda 2 kubok və 6 çempionat oyunumuz qalıb. İnanıram ki, komanda əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq”.

Elmar Baxşıyev “Qəbələ” ilə yeni müqavilə bağlamasından da söz açıb:

“Müqavilənin uzadılması qərarı, təklifi rəhbərlikdən gəlib. Bunun oyuna təsiri olmadı. Çempionatda zəif komanda yoxdur. Hər komanda istənilən rəqibdən xal almaq gücündədir. Bu matç heyət baxımından sıxıntımız olduğu üçün belə ağır oyun gözləyirdik. Amma inanırdıq ki, ən yaxşısını edə biləcəyik. Komandama inanıram. Bu durumdan çıxa biləcək xarakterdə, gücdədirlər. Bu gün nə hücumda yaxşı idik, nə də müdafiədə. Fərdi olaraq oyunçuları vurğulamazdım, komanda kimi uduzduq”.

“Səbail” öz meydanında “Qarabağ”a da qalib gəlib. Ona görə də başımızı aşağı salmaq fikrində deyilik. “Qəbələ” sonadək öz dişini göstərəcək. Heyət daha geniş olmalıdır ki, həm çempionat, həm kubokda oynayasan. Kədərlənmək vaxtı deyil. Qarşıdakı oyuna hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq”.

“Bunu bacardığımız üçün ikiqat sevincliyik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə 2022-ci ildə qazandıqları ilk qələbə ilə bağlı bunları dilə gətirib:

“Çoxdandır qələbə qazanmaq istəyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə rəqibi topsuz qoyduq. Sevindiricidir ki, düşündüyümüz oyun alındı. Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik. Hər iki komandanın azarkeşləri oyunu gözəlləşdirdi.

“Qəbələ” bu yerlərə elə-belə gəlib çıxmayıb. Bu gün qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları ilə qapımız qarşısında qol epizodları yaradırdılar. Amma həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bir-birindən gözəl qollar vurduq. Belə oyunlar üçün hər komandada rəqabətin olması önəmlidir. Sabit heyətlə çıxa bilmədiyimiz matçlarda xallar itirdik. Amma hər oyunda futbolçularımızın istədiyimiz şeyləri etməyə çalışdıqlarını görürdük. Sadəcə, bunu nəticəyə çevirmək çətin olurdu. Bu gün onu da bacardılar”.

Xəbəri sosial şəbəkələrdə paylaş: