“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışırdı. Komandamı təbrik edirəm. Amma yenə də inkişaf edə bilərik. Komandanın yaxşı potensialı var. Özünəinam artdıqca daha yaxşı oynayacağıq.
Tovuzda oynamaq hər futbolçuya zövq verir. Oyunçularım təzyiqi hiss etmədilər, onlar təcrübəlidir. Meydanda yaxşı iş gördülər.
“Turan Tovuz” ilk məğlubiyyətinı aldı. Amma biz o düşüncəylə yanaşmırdıq ki, gedib ilkə imza ataq. Hər komandaya qarşı hazırlıq görmək lazımdır. Bu gün yaxşı oyun nümayiş etdirdik. Kurban Berdıyev dəyərli məşqçidir. Mübarizə bizim aramızda getmir, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın arasında gedirdi. Heç bir pronsipiallıq yox idi”.
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın ev oyunlarının Naxçıvanda keçirilməsinin tərəfdarı olduğunu bildirib:
“Mən futbolçulara və rəhbərliyə görə işləyirəm. Biz də doğma tribunalar qarşısında oynamaq istəyirik. Ümid edirəm ki, rəhbərlik bizi Naxçıvana qaytarar”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim. Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.
Aleks Souza zədələnib. Sözsüz ki, onun yoxluğu hiss olunurdu. Aleks yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. “Araz-Naxçıvan” bir çox komponentdə bizi üstələdi”.


