“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a (Macarıstan) qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, səfərdə 1:4 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır.
İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq”.
Elmar Baxşıyev bu oyunda ağır zədə alan İlkin Qırtımovla da bağlı açıqlama verib:
“Azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.
“Fehervar”ın baş məşqçisi Mixael Boris isə darmadağını belə şərh edib:
“İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik. Komandam hesab bərabərləşdikdən sonra öz oyununu tapdı. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil.
Bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəyik. Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bu matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq”.
Bu komandalar arasındakı cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə keçiriləcək.


