Elvin Cəfərquliyev “Tvente” ilə oyunları buraxacaq

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev azı 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, cinah müdafiəçisi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:

“Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir”.

Xatırladaq ki, “Qarabağ” iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən “Dinamo”nu mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi növbəti raundda Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də (Bakı vaxtı ilə saat 22:00) baş tutacaq. Cavab matçı avqustun 27-də (saat 20:00) Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: