Peşəkar Futbol Liqasının (PLF) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyev əməliyyat olunacaqlar.
Arena.az xəbər verir ki, bu barədə “Liv Bona Dea Hospital”ın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib.
Belə ki, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən “Liv Bona Dea Hospital”ına gətirilib. Cabir Gülmalıyev bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:
“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib.
Elxan Səmədovla Aslan Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.
Xatırladaq ki, PFL rəhbərliyi bu gün səhər saatlarında Xankəndi şəhərinə gedərkən yolda avtomobil qəzasına düşüb. Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə sürücü Rəsul Qafarlı və avtomibildə olan PFL rəsmiləri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər. Xəsarət alanların hamısı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onlara zəruri tibbi xidmətlər göstərildikdən sonra Bakıya təxliyə olunublar.
PFL rəsmiləri dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçına hazırlıqla əlaqədar Xankəndi şəhərinə gedirmişlər.


