“Aleksandriya”dan ayrılan Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynada özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra sözügedən ölkənin “Polesye” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Premyer Liqaya yenicə vəsiqə qazanmış Jitomir klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Polesye” futbol klubu öz prinsiplərinə və klubun prezidenti Gennadi Butkeviçin prinsiplərinə sadiq qalır – klubun funksionerləri komandanı gücləndirə biləcək oyunçuların axtarışını dayandırmırlar. Fikrimizcə, Mustafayev öz oyunu və bacarığı ilə Ukrayna Premyer Liqasında debüt mövsümündə “Polesye”yə kömək edə biləcək futbolçulardandır”, deyə klubun baş direktoru Volodimir Zaqurski yarımmüdafiəçinin transferini şərh edərkən bildirib.
Xatırladaq ki, Emil Musatafayev “Aleksandriya”nın yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu geridə qalan mövsümdə meydana çıxdığı 19 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Emil bu komandada bütövlükdə 26 oyun keçirib, 4 qol və 6 assistlə yadda qalıb.
Emil Azərbaycanın U-21 yığmasında da 3 oyun keçirib.


