Emil Mustafayev 90, Dmitri Nağıyev 6 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turu çərçivəsində baş tutan “Krivbas”la matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb və meydanı qələbə ilə tərk edib. Emil bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 20 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.

Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda evdə Lvov “Rux”u ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb – 0:0. Dmitri də bu matçın iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

28 turdan sonra 46 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 26 xalla 13-cü pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasında növbəti matçını mayın 19-da keçirəcək. Bu komanda 29-cu tur çərçivəsində “Vorskla”nın (Poltava) qonağı olacaq. “Polesye” isə həmin gün səfərdə “Metallist 1925” komandası ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: