Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 7-ci turu çərçivəsində baş tutan “LNZ Çerkası” ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1. Emil bu görüşün 61-ci dəqiqəsində, komandası məğlub durumda olarkən meydana buraxılıb. Komandası bərabərlik qolunu da məhz onun sayəsində vurub. Belə ki, 88-ci dəqiqədə fərqlənən Aleksey Qutsulyak Mustafayevin məhsuldar ötürməsindən sonra rəqib qapısına yol tapıb.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 27 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.
Keçirdiyi 6 oyuna 14 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 3-cü yerdə qərarlaşıb.


