Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turu çərçivəsində baş tutan Poltava “Vorskla”sı ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə evdə qarşılaşıb və meydanı qələbə ilə tərk edib. Emil bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının 80-ci dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürməni də Mustafayev verib.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 18 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda səfərdə “Zarya” (Luqansk) ilə qarşılaşıb. Bu oyunda komandalar heç-heçəyə razılaşıblar – 0:9. Dmitri bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
26 turdan sonra 42 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 22 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasında növbəti matçını mayın 4-də keçirəcək. Bu komanda 27-ci tur çərçivəsində “LNZ Çerkası” komandasını qəbul edəcək. “Polesye” isə mayın 5-də Luqansk “Zarya”sını qəbul edəcək.


