Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Emil Mustafayev Ukrayna milli komandasında oynamaq istəyir.
Arena.az xəbər verir ki, hazırda Ukraynanın “Polesye” klubunun formasını geyinən 22 yaşlı yarımmüdafiəçi bu barədə Ukrayna mətbuatına açıqlamasında məlumat verib.
Gənc oyunçu bildirib ki, əsas yığmadan dəvət gəlsə, bundan imtina etməyəcək:
“Mən Azərbaycan millisində oynamaq arzusundaydım, çünki atam bunu çox istəyirdi. Ruslan Rotan məni Ukraynanın gənclərdən ibarət komandasına dəvət edəndə artıq seçimimi etmişdim. Həmin vaxt bir komandadan digərinə keçmək düzgün olmazdı. Amma Ukraynanın əsas yığmasından dəvət alsam, cavabım müsbət olar. Çünki bu cür dəvət min ildə bir dəfə ola bilər. Mən burda böyümüşəm və şəxsiyyət kimi formalaşmışam”.
Xatırladaq ki, 2021-ci ilin noyabrında Azərbaycanın U-21 yığmasına cəlb olunan Emil 3 oyunda meydana çıxıb. Amma ondan sonra Mustafayev nə U-21 yığmamıza dəvət alıb, nə də Azərbaycanın əsas millisinə. Emilin son açıqlamasından da hiss olunur ki, artıq belə laqeyd münasibətdən bezib və ilk imkandaca Ukraynanın xeyrinə seçim edəcək.
Emil Musatafayev Ukraynanın “Aleksandriya” klubunun yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu ötən mövsüm bu komanda ilə meydana çıxdığı 19 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Emil “Aleksandriya”da bütövlükdə 26 oyun keçirib, 4 qol və 6 assistlə yadda qalıb. Bu mövsümün əvvəlində isə o, “Aleksandriya”nı Ukrayna Premyer Liqanın yeni iştirakçısı “Polesye”yə dəyişib. Azərbaycanlı futbolçu bu komandada 10 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.


