Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində baş tutan “Şaxtyor” (Donetsk) komandası ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə doğma meydanda qarşılaşıb və meydanı inamlı qələbə ilə tərk edib – 2:0. Emil bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 22 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında mövsümün sonuncu matçına çıxıb. Sözügedən komanda bu turda “Aleksandriya”nı qəbul edib. Bu oyun da “Obolon”un məğlubiyyəti ilə yekunlaşıb – 0:3. Dmitri də bu matçın iştirakçısı olub. O, 62-ci dəqiqədə, hesab 0:3 olarkən meydana buraxılıb.
Beləliklə, 30 oyuna 50 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 5-ci yeri tutub və tarixində ilk dəfə avrokuboklara (Konfrans Liqası) vəsiqə qazanıb. “Obolon” isə 26 xalla 14-cü olub. Nağıyevin komandasını Premyer Liqada qalmaq uğrunda pley-off oyunları gözləyir.


