Emil Mustafayevin komandası “Şaxtyor”a qalib gəldi

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi Ukraynanın “Polesye” komandası bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 17-ci turu çərçivəsində Donetsk “Şaxtyor”u ilə qarşılaşıb.

“Polesye” bu rəqibini xalsız yola salıb. Meydan sahibləri yekunda 1:0 hesablı qələbəyə seviniblər.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, bu, “Polesye”nin Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki 7-ci qələbəsidir. Futbolçumuzun komandası qalan oyunlarda 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 31 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: