Futbol üzrə Ukrayna Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib və finalçılar müəyyənləşib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin komandası – “Polesye” də növbəti matçlarına çıxıb.
Sözügedən komanda doğma meydanda Poltava “Vorskla”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib və kubokla vidalaşıb. Emil bu görüşün sonunadək ehtiyatda qalıb.
“Vorskla” bu qələbə sayəsində kubokun finalına yüksəlib. Digər yarımfinal görüşündə isə Donetsk “Şaxtyor”u Odessa “Çernomorets”inə 4:1 hesabıyla qalib gəlib.
Beləliklə, mayın 15-də keçiriləcək Ukrayna Kubokunun final görüşündə “Şaxtyor”la “Vorskla” üz-üzə gələcək.
Ukraynanın “Aleksandriya” klubunun yetirməsi olan Emil Mustafayev 2023-cü ilin iyul ayından “Polesye”də çıxış edir. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 14 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha öncə Azərbaycanın U-21 yığmasında da oynamış Emil, bu ilin mart ayında əsas milli komandamızda debüt edib və 2 oyun keçirib.


