Ekvatorial Qvineya yığmasının sağ cinah müdafiəçisi Emilio Nsue Afrika Millətlər Kubokunda het-trik etmiş ən yaşlı futbolçudur.
Arena.az məlumat verir ki, əlamətdar hadisə yarışın qrup mərhələsinin 2-ci turu çərçivəsində Qvineya-Bisau yığması ilə oyununda (4:2) qeydə alınıb.
Nsue het-trikə 34 yaş 110 günlüyündə imza atıb.
Emilio Nsue Palma-de-Malyorkadandır. O, futbola İspaniyanın “Malyorka” klubunda başlayıb. Müdafiəçi karyerası ərzində “Kastelyon”, “Real Sosyedad”, “Midlsbro”, “Birmingen”, APOEL (Nikosiya), Apollon (Limassol), “Tuzla Siti” klublarında çıxış edib.
Nsue 2022-ci ilin iyulundan İspaniyanın “İntersiti” klubunda çıxış edir. Onun bu klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Nsue “İntersiti”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Emilio Nsue 2013-cü ilin martında debüt etdiyi Ekvatorial Qvineya yığmasının heyətində 40 oyuna çıxıb, 21 qol vurub, 1 məhsuldar ötürmə verib. Maraqlıdır ki, Ekvatorial Qvineya yığmasında debütünə qədər Nsue İspaniyanın U-16, U-17, U-19, U-20, U-21 yığmalarında çıxış edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı sağ cinah müdafiəçisinin transfer dəyərini 250 min avro məbləğində qiymətləndirir.


