Emin Kürdov: “Yeganə problem oyun təcrübəmizin az olmasıdır”

“Araz Naxçıvan”ın qapıçısı Emin Kürdov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına hazırlığı dəyərləndirib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında ilkin mərhələyə sabah start veriləcək.

Dünən səfərə yollanan ölkə çempionu “Araz Naxçıvan” Latviyada ilk məşqini reallaşdırıb. Komandanın kapitanı Emin Kürdov düşərgədəki ab-hava ilə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Oyunların keçiriləcəyi Salaspils İdman Sarayı bizə tanışdır. İki il əvvəl də ilkin mərhələnin oyunlarını bu arenada keçirmişdik. Dünən də həmin məkanda məşqimizi etdik. Yoldan gəlməyimizə və yorğun olmağımıza baxmayaraq, baş məşqçinin dediklərini etməyə çalışdıq. Bu gün oyunöncəsi son çalışmamızı reallaşdıracağıq. Təxminən 1 saat davam edəcək. Yəqin ki, taktiki planda son tapşırıqları yerinə yetirəcəyik”.

Kapitan səfəröncəsi Bakıda keçirdikləri yoldaşlıq oyunlarının əhəmiyyətindən də söz açıb: “Hər iki oyunun bizə çox xeyri oldu. İlk matçda komanda üzvləri arasındakı anlaşılmazlıq sezilirdi. Çünki buna qədər ancaq məşqlər etmişdik, oyun keçirməmişdik. Məşqçilər səhvlərimizi gördü, çatışmazlıqları aşkarladı. İkinci görüş bizim üçün daha yaxşı keçdi. Həmin səhvləri təkrarlamamağa çalışdıq. Baş məşqçinin qeyd etdiyi kimi, oyunlara təxminən 80 faiz hazırıq”.

Təcrübəli qolkiper hər üç görüşə ciddi yanaşmağın vacibliyini qeyd edib: “Düzdür, etdiyi transferlərə və meydan sahibi olduğuna görə əksəriyyət “Riqa”nı əsas rəqib kimi dəyərləndirir. Onlar Argentina millisinin bir neçə üzvü, eləcə də “futzalın Messisi” hesab olunan Rikardinyo ilə anlaşıblar. Amma Almaniya çempionunu da yaddan çıxarmaq olmaz. Bildiyim qədər, heyətlərinə 6 braziliyalı futzalçı cəlb ediblər. Onlarla da oyun asan olmayacaq. Ümumiyyətlə, hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir”.

“Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”

Kürdov “Araz Naxçıvan”ın da Çempionlar Liqasının oyunlarına yaxşı hazırlaşdığını qeyd edib: “Təlim-məşq toplanışı keçirdik, heyətimizə yeni futzalçılar cəlb olundu. Deyərdim ki, yaxşı komandamız var. Həm fərdi planda seçilən, həm də hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub. Yeganə problem yoldaşlıq matçlarını az keçirməyimiz və meydanda anlaşmanın zəif olması ilə bağlıdır”.

O, məşqçilər korpusu haqda da danışıb: “Hazırkı məşqçilər korpusu yenidir. Düzdür, Rayiç vaxtilə Çempionlar Liqasında məşqçi kimi iştirak edib, yaxşı nəticə qazanıb. “Araz Naxçıvan”la yeni səhifə açacaqlar. Hər kəsə uğurlar arzulayıram. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, “Araz Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaq, Azərbaycan futzalına əlavə reytinq xalları qazandırmaqdır. Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, ölkə çempionu sabah “İstanbul Şişli”, ertəsi gün “Yan Regensburq”, avqustun 26-da isə “Riqa” ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: