Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 1-ci turuna təsadüf edib.
“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.
Emin Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.
Premyer Liqanın 1-ci turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə də əlamətdar olub. Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının Premyer Liqada ilk matçı olub.
Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqada 3-cü rumın mütəxəssisdir. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub.
“Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.


