“Brayton”un irland mərkəz hücumçusu Evan Ferqyuson “qağayılar”la anlaşaraq, klubla cari müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Ferqyusonun yeni müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Maraqlıdır ki, o, bu ilin aprelində də klubla yeni müqavilə bağlamışdı. Həmin vaxt tərəflər 2028-ci ilin yayına kimi anlaşmışdılar. Lakin istedadlı gəncin cari mövsümdəki uğurlu çıxışı Avropa nəhənglərinin ona olan marağını artırıb. Məhz bu üzdən klub rəhbərliyi Evanla müqavilənin müddətini daha bir il artırmağa qərar veriblər. Yeni müqavilədə futbolçunun məvacibinin və onun təzminat məbləğinin artırıldığı şübhə doğurmur.
Evan Ferqyuson “Baryton”a 2021-ci ilin yanvarında İrlandiyanın “Bohemians” klubundan keçib və “qağayılar”ın yeniyetmələrdən ibarət kollektivində debüt edib. 2022-ci ilin iyulunda isə Evan “Brayton”un əsas komandasına qoşulub.
Cari mövsümdə Evan “qağayılar”ın heyətində 14 oyuna çıxıb, 5 qol vurub.
Ferqyusonun “Brayton”un heyətində ümumi statistikası isə belədir: 43 oyun, 15 qol, 4 məhsuldar ötürmə.
Ferqyuson 2022-ci ilin noyabrında debüt etdiyi İrlandiya yığmasının heyətində 8 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 19 yaşlı Evan Ferqyusonu 65 milyon avro məbləğində qiymətləndirir.


