Ezekil Banzuzi “Leypsiq”də – Rəsmi

Belçikanın “Aud-Heverle Löven” klubunun niderlandlı mərkəz yarımmüdafiəçisi Ezekil Banzuzi yeni mövsümdən “Leypsiq”də çıxış edəcək.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Bundesliqa təmsilçisi hələ cari mövsümün davam etdiyi bir dövrdə yeni transferini rəsmən açıqlayıb. “Qırmızı buğalar” Banzuzinin yaydan etibarən bu komandanın sıralarına qoşulacağını elan ediblər. 20 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Leypsiq” rəhbərliyi bu transfer üçün bonuslar da daxil olmaqla, qarşı tərəfə 15 milyon avro ödəyib.

Ezekil Banzuzi əslən Konqo Demokratik Respublikasından olsa da, Niderlandda dünyaya göz açıb və bu ölkənin “NAK Breda” klubunun yetirməsidir. O, “Aud-Heverle Löven” klubuna 2023-cü ilin iyul ayında 1,2 milyon avro məbləğ müqabilində keçmişdi. Gənc futbolçunun Belçika təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Banzuzi Niderlandın U-17, U-18, U-19 yığmalarında çıxış edib. Ötən ildən isə o, bu ölkənin U-21 millisində forma geyinir.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: