Fələstin Futbol Assosiasiyasının (PFA) prezidenti Cibril Racub FIFA qarşısında çıxış edərək, ciddi tələb irəli sürüb.
Arena.az “RMC Sport” internet-nəşrinə istinadən məlumat verir ki, Racub İsrail Futbol Assosiasiyasının (IFA) FIFA-ya üzvlüyünü dayandırmağı təşkilatdan tələb edib.
Mənbənin məlumatına görə, Racupun tələbi FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilmiş 74-cü Konqresi zamanı irəli sürülüb.
Vurğulanır ki, FIFA prezidenti Canni İnfantino cari il iyulun 20-dək bu məsələ ilə əlaqədar qərar qəbul edəcəyinə söz verib:
“FIFA Fələstin Futbol Assosiasiyası tərəfindən edilmiş sorğunun qiymətləndirilməsi və FIFA-nın statusunun və qaydalarının düzgün tətbiq edilməsini təmin etmək üçün müstəqil hüquqi baxış keçirib. Vəziyyətin gerçəkliyi ilə əlaqədar bu ilin iyulun 20-nə qədər növbədənkənar FIFA şurası çağırılaraq qiymətləndirmənin nəticələrinə baxılacaq və müvafiq qərarlar qəbul ediləcək”, deyə Canni İnfantino bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə Fələstin və İsrail arasında gərgin münasibətlər hərbi əməliyyatlar müstəvisinə keçib. Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Həmin gündən bəri sözügedən bölgədə mütəmadi olaraq şiddətli döyüşlər gedir. Nəticədə Fələstinin dinc sakinləri həlak olurlar.


