Fərid Atakişiyev: “Millinin düşərgəsində olmaq fəxrdir”

Futzal üzrə Azərbaycan millisinə dəvət alan Fərid Atakişiyev komandanın qarşıdakı oyunlara hazırlığı barədə danışıb.

Arena.az xəbər verir ki, dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Komandamız əslində 2 gündür məşq edir. Sadəcə, rəsmi toplanış bu gündən başlayıb.

Baş məşqçi Vitali Borisovun qarşıdakı oyunlara dəvət etdiyi futzalçıların siyahısında uzun müddətdir millidən kənarda qalan isimlər var ki, onlardan biri də Atakişiyevdir. Cari mövsümdə “Neftçi”dəki oyunu ilə diqqətləri üzərinə çəkən müdafiəçi Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında həm hazırlıq prosesini dəyərləndirib, həm də qarşıdakı oyunlarla bağlı danışıb. Fərid Atakişiyev əvvəlcə, yenidən onu yığmaya dəvət edən millinin məşqçilərinə təşəkkür edib:

“Uzun fasilədən sonra millinin toplanışına dəvət aldım. Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, millinin düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm.

Qarşıda komandamızı maraqlı, həm də ağır oyunlar gözləyir. Təcrübəli futzalçı kimi, komandamıza bacardığım qədər kömək edəcəyəm. Növbəti mərhələyə yüksəlmək üçün şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək. Rumıniya və Niderland milliləri yüksəlişdədir. Doğma meydan amilindən istifadə etməyə çalışacağıq. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla görüş haqda fikirləşmək olar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: