Fərrux Mahmudov “Neftçi”dən getdi – Rəsmi

Premyer Liqada uğursuz mövsüm keçirən “Neftçi”də baş icraçı direktor Fərrux Mahmudov klubla qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Fərrux Mahmudova göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Yeri gəlmişkən, Fərrux Mahmudov “Neftçi”dəki işindən ayrılmasına münasibətini də açıqlayıb. O, sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram.

Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.

Hər kəsə – komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.

Fərrux Mahmudov 2023-cü ilin iyul ayında “Neftçi”nin prezidenti (baş icraçı direktoru) təyin edilmişdi. 1982-ci ildə anadan olan Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb. Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru idi. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Mahmudovun “Neftçi”dəki fəaliyyəti elə də uğurlu alınmayıb. O, təyinatından sonra Adrian Mutunu baş məşqçi postuna gətirsə də, nəticələr ürəkaçan olmadığı üçün qışda rumıniyalını istefaya göndərmişdi. Onun yerinə gətirilən monteneqrolu Miodraq Bojoviçin də fəaliyyəti fiasko ilə nəticələndi. Komanda Azərbaycan Premyer Liqasının son turunda avrokuboklara vəsiqəni də əldən verməklə 2023/2024 mövsümünü 10 iştirakçı arasında 5-ci pillədə başa vurdu.

Bu üzdən “Neftçi”də ciddi islahatların aparılacağı gözlənilən idi. Mövsüm bitən kimi Bojoviçi istefaya göndərən paytaxt klubu Mahmudovla da vidalaşdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: