Fəxri Məmmədli “Sabah”ı “Şamaxı”ya dəyişdi

“Sabah”ın gənc futbolçusu, sol cinah müdafiəçisi Fəxri Məmmədli bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıblar.

Xəbərdə bildirilir ki, “Şamaxı” “Sabah”ın futbolçusunu icarəyə götürüb. 18 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa qədərə icarədə olacaq.

Fəxri Məmmədli “Sabah”ın öz yetirməsidir. O, geridə qalmış mövsümdə klubun əvəzedici komandasının formasını geyinib.

Qeyd edək ki, “Şamaxı” 2023/2024 mövsümündə Birinci Liqanın qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb.

“Şamaxı” daha öncə “Sabah”ın digər gənc oyunçusu Rauf Rüstəmlini də icarəyə götürmüşdü. Əyalət klubu Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Belaydi Pusi, Brahim Konate, Georgi Kantariya, Rikardo Fernandes, Kamal Bayramov və Lubeni Haukonqonu da heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də bu kluba qayıdıb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov isə “Şamaxı” ilə yeni müqavilə bağlayıb. Sahib Həsənov yeni müqavilə imzaladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib.

Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyev isə “Şamaxı”nı tərk ediblər.

“Sabah”da isə bu yay Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh və Veysəl Rzayev komandanı tərk ediblər. Əvəzində Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya) və Pavol Şafranko (“Sepsi”, Rumıniya) paytaxt klubuna cəlb olunublar. Ukraynanın “Dinamo” (Kiyev) klubuna məxsus olan Kahim Parrisin də transfer hüquqları alınıb.

Xəbəri paylaş: